Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor təhlükəsizlik kəmərlərinin bərkidici hissələrinin ayrılmasına səbəb ola biləcək qüsur səbəbindən ABŞ-da təxminən 294,13 min avtomobili geri çağırır. Bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Kampaniya Hyundai Ioniq 6, Genesis G90, eləcə də daxili yanma mühərrikli və hibrid versiyalarda olan Hyundai Santa Fe modellərini əhatə edir.
Dilerlər avtomobilləri yoxlayacaq və zərurət yarandıqda təhlükəsizlik kəmərlərinin bərkidicilərini dəyişəcəklər.
Bundan əlavə, ABŞ-ın Lucid şirkəti də 3,63 min elektromobili geri çağıracaq. Bildirilir ki, yığım zamanı yaranmış qüsur səbəbindən yarımoxun ötürücüdən ayrılması mümkündür ki, bu da qəza riskini artırır. Bu barədə də NHTSA məlumat verib.

