Avropa ölkələri Çinlə sərt rəqabət fonunda öz avtomobil sənayesini itirmək təhlükəsi ilə üzləşə bilər. Bu barədə avtomobil hissələri istehsalçısı “Gestamp” şirkətinin rəhbəri Fransisko Riberas “Financial Times”a müsahibəsində bildirib.
Onun fikrincə, Avropanın bu rəqabətdə geri qalması təkcə avtomobil sektoruna deyil, qitənin bütün sənaye sisteminə ciddi təsir göstərə bilər.
“Avtomobil sənayesi polad, alüminium, şüşə, kimya və bir çox digər sahələr üçün dayaq rolunu oynayır. Buna görə də avtomobil sənayesinin itirilməsi Avropada bütövlükdə sənayenin itirilməsi demək ola bilər və bunun çox ciddi, uzunmüddətli nəticələri olacaq”, – Riberas bildirib.
O xatırladıb ki, 2017-ci ildən bəri Avropada nəqliyyat vasitələrinin istehsalı 20–25 faiz azalıb. Bu geriləmə xüsusilə Almaniyanın avtomobil sənayesinə ciddi təsir göstərib.
Bununla belə, Riberas Avropa şirkətlərini Çinə investisiyalardan imtina etməməyə çağırıb. Onun sözlərinə görə, Çin şirkətləri istənilən halda Avropada fəaliyyətlərini genişləndirərək yeni iş yerləri yaradacaqlar.

