Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin 2027–2030-cu illərdə inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkə iqtisadiyyatı üçün böyük perspektiv vəd edən bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanmasına dair sərəncamı aprelin əvvəlində imzalayıb.
“Bu aylar ərzində proqram üzərində hazırlıq işləri aparılıb. Bu gün proqram bizə və Azərbaycan ictimaiyyətinə təqdim ediləcək”, – deyə Prezident bildirib.
İlham Əliyev vurğulayıb ki, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
“Bu, çox perspektivli sahədir. Düzdür, böyük kapital qoyuluşu tələb edir, lakin bununla yanaşı, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaq. 5 mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, təbii sərvətlərimizin işlənilməsi və onlardan səmərəli istifadə, eləcə də tam istehsal zəncirinin yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”, – deyə dövlət başçısı bildirib.

