Azərbaycanla Qazaxıstan arasında Transxəzər fiber-optik rabitə xətti bu ilin oktyabrında istifadəyə veriləcək.
Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Tərəflər artıq Xəzər dənizinin dibi ilə 390 kilometr uzunluğunda kabel çəkiblər. Gözlənilir ki, yeni xətt Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi üçün yeni rəqəmsal dəhliz yaradacaq.
“Yeni marşrut Qazaxıstanın qlobal informasiya şəbəkələri ilə rəqəmsal əlaqəsini gücləndirəcək, həmçinin süni intellekt, bulud texnologiyaları və müasir məlumat mərkəzlərinin gələcək inkişafı üçün baza yaradacaq”, – deyə Madiyev bildirib.
Qeyd edək ki, Transxəzər fiber-optik rabitə xətti “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsidir.

