İstanbulun Sarıyer rayonunda dişi şir görüldüyü barədə məlumatdan sonra başladılan genişmiqyaslı axtarışlar nəticəsiz qalıb. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran mütəxəssislər heyvanın şir və ya digər iri pişikkimilər fəsiləsinə aid olmadığı qənaətinə gəliblər.
Denmedia.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 22-də Uskumruköy məhəlləsində yaşayan sakinlərdən biri 112 təcili yardım xəttinə zəng edərək yaşayış ərazisinin yaxınlığında dişi şir gördüyünü iddia edib.
Məlumatdan sonra bölgəyə jandarma, bələdiyyə xidmətləri və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. NTV telekanalının məlumatına görə, axtarış əməliyyatında 70-dən çox şəxs iştirak edib.
İstanbul Valiliyinin açıqlamasında qeyd olunub ki, ərazi termal kameralarla təchiz edilmiş dronlar vasitəsilə havadan, mütəxəssislər tərəfindən isə qurudan yoxlanılıb. Bundan başqa, mümkün hərəkəti qeydə almaq üçün yemlər yerləşdirilib və hərəkət sensorlu fototələlər quraşdırılıb.
Lakin aparılan yoxlamalar zamanı ərazidə şirin olduğunu təsdiqləyən heç bir konkret sübut aşkarlanmayıb.
Noyabrın 23-də müxtəlif bucaqlardan çəkilmiş yeni videogörüntülərin təhlili nəticəsində kadrlardakı heyvanın nə şir, nə də digər iri pişikkimilər növünə aid olduğu müəyyən edilib.
Beləliklə, İstanbulda genişmiqyaslı axtarışlara səbəb olan şir iddiası aparılan araşdırmalarla təsdiqini tapmayıb.

