Hindistanın Uttar-Pradeş ştatında dəhşətli ailə faciəsi baş verib. Bu barədə The Times of India məlumat yayıb.
Hadisə fevralın 20-də Lakhnau şəhərində qeydə alınıb. 21 yaşlı Akşat Pratap Sinqh ilə 49 yaşlı atası Manvendra Sinqh arasında gəncin tibb universitetinə qəbul imtahanına hazırlaşması ilə bağlı mübahisə yaranıb. İstintaqın məlumatına görə, mübahisə zamanı gənc tüfəngi götürərək atasına atəş açıb. Aldığı güllə yarasından kişi hadisə yerində ölüb.
Hadisə zamanı şübhəlinin azyaşlı bacısı digər otaqda olub və atəş səsinə qaçaraq gəlib. Bildirilir ki, qatil bacısını hədələyərək baş verənləri heç kimə deməməsini tələb edib.
İstintaq versiyasına əsasən, gənc daha sonra meyiti evin aşağı mərtəbəsindəki boş otağa aparıb. Əvvəlcə cəsədi çaya atmağı planlaşdırsa da, bunu bacarmayacağını anlayıb. Daha sonra mişar alaraq cəsədi hissələrə ayırıb. Qollar və ayaqlar atılıb, baş və gövdə isə evdə plastik çəlləkdə aşkarlanıb.
Şübhəli saxlanılıb. Aşkarlanan bütün bədən hissələri məhkəmə-tibbi ekspertizaya göndərilib.

