Cənubi Koreyada 20 yaşlı Kim adlı qız iki gənc kişinin ölümü ilə nəticələnən hadisələrə görə həbs edilib. Onun dekabrdan fevraladək üç nəfərin içkisinə güclü yuxu dərmanı qatdığı bildirilir. Qurbanlardan biri iki gün komada qalsa da sağ qalıb, digər ikisi isə huşunu bərpa etmədən həyatını itirib.
İstintaq məlumatına görə, şübhəli şəxsin brauzer tarixçəsində “ölümcül dərman qarışığı resepti” axtarışları aşkarlanıb. İlk dindirmədə isə Kim bildirib ki, məqsədi öldürmək yox, sadəcə mübahisədən sonra tanışlarını “yatızdırmaq” olub.
Hadisənin ən qəribə tərəfi isə sosial mediada baş verən reaksiyadır. Polis uzun müddət onun fotosunu yaymasa da, internet istifadəçiləri şəxsi hesabını tapıblar. Şəkillər sürətlə yayılıb və qız qısa müddətdə minlərlə yeni izləyici qazanıb. Bəzi istifadəçilər hətta onun ünvanına dəstək və sevgi mesajları yazaraq, “belə birinin qatil ola bilməyəcəyini” iddia ediblər.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları onun başqa oxşar cinayətlərdə iştirak edib-etmədiyini araşdırır. Hadisə bir daha göstərir ki, vizual obraz və sosial media simpatiyası hüquqi məsuliyyəti dəyişmir — faktları isə yalnız məhkəmə müəyyənləşdirir.

