Meksika narkokartelinin yerli məmurlarla əlbir olaraq Meksikada rusiyalı pianoçu Marina Romanovanın qızını oğurladığı iddia olunur. Bildirilir ki, artıq 2,5 ildir məktəbli qız narkotik təsiri altında saxlanılır, zorakılığa məruz qalır və diplomatik axtarışların qarşısını almaq üçün müxtəlif şəhərlərə aparılır. İstintaq versiyasına görə, cinayətkarlar onun 18 yaşına çatmasını gözləyərək daha sonra köləliyə satmağı planlaşdırır. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Kristina Romanova 2023-cü ildə birbaşa məktəb binasından oğurlanıb — hadisə anası Marinanın gözü qarşısında baş verib. Qadın pəncərədən naməlum şəxslərin uşağı zorla üzərində DIFEM yazılan mikroavtobusa mindirdiyini görüb.
Polis oğurluqla bağlı ərizəni qəbul etməkdən imtina edib. Ananın müraciət etdiyi qurumlar arasında yalnız Rusiya XİN-i müəyyən kömək göstərib. 2024-cü ilin yanvarında konsul qızı qəyyumluq şöbəsində gözlərindən tanıyıb — onun sakitləşdirici dərmanların təsiri altında olduğu və hamilə olduğu bildirilib.
Valideynlər 15 saatlıq psixoloji ekspertizaya göndərilsə də, bundan sonra qız onlara qaytarılmayıb. Məmurlar məktəblinin “öz istəyi ilə evə qayıtmaqdan imtina etdiyini” iddia ediblər. Daha sonra ana zorakılıqda ittiham olunub və uşaq naməlum istiqamətə aparılıb. 2025-ci ildən etibarən Kristina insan alveri qurbanları üçün nəzərdə tutulmuş qapalı sığınacaqda saxlanılır və Rusiya konsulluğuna ora daxil olmaq üçün dəfələrlə rədd cavabı verilib.
2026-cı ilin martında Meksikanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb, lakin danışıqlar nəticəsiz qalıb. Hazırda 17 yaşı olan Kristinanın yetkinlik yaşına çatmasına sayılı həftələr qalıb. Valideynlər ciddi narahatlıq içindədir: belə sığınacaqlarda qızların zorakılığa məruz qalması, doğuşa məcbur edilməsi və körpələrin qara bazarda satılması ilə bağlı iddialar var. Qeyd olunur ki, son aylarda Meksikada 200 min insan izsiz yoxa çıxıb və ölkə üzrə kütləvi etirazlar baş verib.

