ABŞ-də 73 yaşlı yazıçı Kayl Enn Morrou motel sahibi Cin Qudmundsonu öldürməkdə ittiham olunub. Bu barədə People nəşri yazıb. Qadın kriminal romanların müəllifi kimi tanınıb.
Məlumata görə, iyulun 12-də Kayl motelə gələrək əməkdaşdan Cin və həyat yoldaşı Enninin orada olub-olmadığını soruşub. Cinin moteldə olduğunu öyrənən qadın qısa müddətə çölə çıxıb, daha sonra geri qayıdaraq yardımçı otaqlara tərəf gedib.
Bir neçə dəqiqə sonra motel əməkdaşı atəş səsi eşidib və hadisə yerinə qaçarkən Kaylla qarşılaşıb. İddiaya görə, qadın ona “O, alçağın biri idi, mən onu vurdum” deyərək oranı tərk edib.
Şahidlər Kaylı motelin keçmiş əməkdaşı kimi tanıyıblar. Qadın evində aşkarlanaraq saxlanılıb. Onun üzərindən revolver və əlyazma şəklində bir neçə vida məktubu götürülüb. Hadisənin motivi hələlik məlum deyil.
Kayl həyatı boyunca üç roman nəşr etdirib. Onun “Black Iron Brandy” adlı kitabında qəddar ərini öldürmək qərarına gələn qadından bəhs olunur. Digər romanda baş qəhrəmanın ona zərər verən şəxsin avtomobilinə atəş açdığı səhnə yer alır. “Belt Buckle Bunny” adlı üçüncü kitab isə insan qalıqları tapan erotik roman müəllifəsi haqqındadır.
Ehtimal olunur ki, Kaylın Qudmundson ailəsi ilə əlaqəsi yalnız motel vasitəsilə olmayıb. Yazıçının saytında, ehtimalən Enni tərəfindən yazılmış rəydə “Black Iron Brandy” kitabı təriflənir və Cinin də onun əsərlərini oxumağa maraq göstərə biləcəyi qeyd olunur.

