Braziliyanın Aquas Lindas de Goias şəhərində 24 yaşlı qadın ayrılmaq istədiyi keçmiş sevgilisi tərəfindən qaçırılaraq kirayə götürülmüş evdə beş gün əsir saxlanılıb.
Hadisə avqustun 17-də qadının görüşə getmək üçün evdən çıxmasından sonra başlayıb. Ondan xəbər ala bilməyən ailəsi polisə müraciət edib.
Axtarışlar nəticəsində avqustun 21-də şübhəlinin olduğu kirayə ev müəyyənləşdirilib. Polis əməliyyat zamanı gənc qadını yatağa zəncir, kəndir və qandallarla bağlanmış vəziyyətdə aşkarlayıb.
Araşdırma zamanı şübhəlinin qadının kömək üçün qışqırmasının eşidilməməsi məqsədilə onun üzünə qaz maskası taxdığı və ağzını bağladığı müəyyən edilib.

Evdən sakitləşdirici preparatlar, 9 millimetrlik tapança, həmçinin uzun müddətə kifayət edəcək ərzaq və içki ehtiyatı götürülüb.
Qadın polisə ilkin ifadəsində beş gün ərzində fiziki və cinsi zorakılığa məruz qaldığını bildirib. Zəncirlər xilasedicilər tərəfindən xüsusi avadanlıqla kəsilib və qadın xəstəxanaya çatdırılıb.
Onun fiziki vəziyyətinin stabil olduğu, ağır travma səbəbindən psixoloji yardım aldığı bildirilir.
Şübhəli Ailton Rodrigues de Souza isə əməliyyat zamanı qaçmağa çalışarkən polis tərəfindən saxlanılıb.

