Terapevt və qidalanma üzrə mütəxəssis Kristin Norman qanda xolesterinin səviyyəsini azaltmağa kömək edən sadə və effektiv üsulları açıqlayıb. Onun tövsiyələrini Daily Mail nəşri yayıb.
Normanın sözlərinə görə, statinlər təyin olunan pasiyentlərin təxminən yarısı iki il ərzində təhlükəsiz xolesterin səviyyəsinə çata bilmir. Bunun əsas səbəbləri arasında həkim tövsiyələrinə əməl olunmaması, dozanın düzgün seçilməməsi, eləcə də qidalanma və həyat tərzi mühüm rol oynayır.
Mütəxəssis bildirib ki, xolesterinin yüksəldiyini öyrənən kimi sərt pəhrizlərdən, xüsusən də müəyyən qidaların tamamilə qadağan olunduğu diyetlərdən imtina etmək lazımdır. Onun fikrincə, dərin emaldan keçmiş məhsullar üstünlük təşkil edən rasionu olan insanın birdən-birə ev yeməklərinə keçməsi və qəlyanaltılardan vaz keçməsi real deyil və adətən nəticə vermir.
Norman bunun əvəzinə rasiona tədricən sağlam məhsulların əlavə olunmasını tövsiyə edib. Məsələn, sevilən qəlyanaltıya tərəvəz və yarpaqlı göyərti əlavə etmək, zamanla səhər yeməyini yulaf sıyığı ilə əvəzləmək kimi kiçik addımlarla pəhrizi dəyişmək mümkündür.
Əgər rasion artıq ev yeməklərindən ibarətdirsə, lakin xolesterin hələ də yüksək qalırsa, həkim xırda dəyişikliklərə diqqət yetirməyi məsləhət görür: daha çox yağlı balıq istehlak etmək, heyvani yağların bir hissəsini bitki yağları ilə əvəzləmək, tofu və ya soya südü kimi məhsulları sınamaq.

