Münasibətlərin əvvəlində partnyorun ideallaşdırılması insanı sevincdən məhrum edir və sonda puça çıxmış illüziyalarla nəticələnə bilər. Bu fikri NEWS.ru portalına açıqlamasında klinik psixoloq Stella Gusarova bildirib. Onun sözlərinə görə, insan şüurunda yaratdığı fantoma aşiq olduqda, möhkəm münasibət qurmaq şansını itirir.
Psixoloq qeyd edib ki, münasibətlərin əvvəlində ideallaşdırma təhlükəlidir, çünki bu zaman biz real insana yox, şüurumuzda yaratdığımız ideal partnyor obrazına vuruluruq. Bu, canlı insanlar arasında təmas deyil, iki fantaziyanın qarşılaşmasıdır. Bəzən insan sevdiyi şəxsdə uzun müddət çatışmayan arzularını tapmağa çalışır. Onun sözlərinə görə, ideallaşdırma hər iki tərəfi sevincdən məhrum edir: partnyor şüuraltı şəkildə ondan mövcudluq yox, rol gözlənildiyini hiss edir, ideallaşdıran şəxs isə öz daxili ssenarisinin girovuna çevrilir. Ən ağrılı məqam isə illüziyanın dağılması yox, insanın ideal obraz vasitəsilə özündə hansı boşluğu doldurmağa çalışdığını dərk etməsidir, — deyə Gusarova izah edib.
O əlavə edib ki, analitik psixologiyada bu hal “proyeksiya” adlanır və psixoloji müdafiə mexanizmi kimi işləyir. Ekspertin sözlərinə görə, təhlükə ondadır ki, gec-tez bu mexanizm dağılır və “yeganə və təkrarolunmaz” obrazın yerində öz tarixi, məhdudiyyətləri, psixoloji travmaları və ehtiyacları olan real insan ortaya çıxır.

