Alma ştrudeli sadə görünsə də, nəticəsi ilə hər kəsi təəccübləndirən desertlərdən biridir. Nazik xəmir, darçın və kişmişlə zəngin alma içliyi bu resepti həm dadlı, həm də praktik edir.
Bu ştrudeli ev şəraitində asanlıqla, xüsusi avadanlıq olmadan hazırlamaq mümkündür.
İnqrediyentlər:
250 q un, 80 q kərə yağı, 120 q şəkər, 1 ədəd yumurta, bir çimdik duz, 0.5 çay qaşığı vanilin, 1 ədəd alma, 3 xörək qaşığı kişmiş, 1 xörək qaşığı darçın, üzəri üçün şəkər tozu.
Hazırlanma qaydası:
Yumşaq kərə yağını şəkərlə qarışdırın, üzərinə yumurta, duz və vanilin əlavə edib homogen kütlə alınana qədər qarışdırın. Tədricən unu əlavə edərək yumşaq xəmir yoğurun. Xəmiri 20–30 dəqiqə soyuducuda saxlayın.

Soyumuş xəmiri perqament kağızları arasında təxminən 0.5 sm qalınlıqda açın. Üzərinə nazik doğranmış alma dilimlərini düzün, darçın səpin və kişmiş əlavə edin. Xəmiri rulon şəklində bükün və 4–5 sm ölçüdə hissələrə bölün.
Hazır hissələri perqament sərilmiş listə düzün və 180°C sobada təxminən 20 dəqiqə qızılı rəng alana qədər bişirin.
Servis edərkən üzərinə şəkər tozu səpin, istəsəniz dondurma ilə təqdim edin.

