Piylənmə dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir və pankreas xərçəngi riskini 2-4 dəfə artıra bilər.
Türkiyəli həkim, ümumi cərrahiyyə üzrə mütəxəssis dosent Mehmet Nuri Koşar bildirib ki, piylənmə pankreas xərçəngi riskini artırır. Onun sözlərinə görə, gizli şəkildə irəliləyən bu xəstəlik ən ölümcül xərçəng növlərindən biridir.

Onun sözlərinə görə, xəstəlik bəzən çox gec mərhələdə müəyyən edilir və bu zaman pasiyentlər əməliyyat şansını itirə bilirlər.
Koşar qeyd edib ki, pankreas xərçəngi kişilərdə daha çox müşahidə olunur və əsasən 45-60 yaş aralığında rast gəlinə bilər. Xəstəliyin əsas əlamətləri arasında halsızlıq, yorğunluq, son 6 ayda 10 kiloqramdan artıq çəki itkisi, göz ağlarında saralma, mexaniki sarılıq və açıq rəngli nəcis yer alır.

Həkim bildirib ki, xüsusilə ailədə pankreas xəstəliyi ilə bağlı öykü varsa və buna piylənmə də əlavə olunursa, vaxt itirmədən ümumi cərraha müraciət etmək lazımdır.
Koşar erkən diaqnozun müalicə imkanlarını artırdığını vurğulayıb. Onun sözlərinə görə, xəstəlik erkən mərhələdə aşkarlandıqda əməliyyat, şiş toxumasının təmizlənməsi və sonrakı ağıllı dərman müalicələri ilə xəstənin sağalma şansı arta bilər.
Mütəxəssis əlavə edib ki, yağlı və qızardılmış qidalar, qeyri-sağlam həyat tərzi və yuxu rejiminin pozulması pankreas xərçəngi riskini artıra bilər.
Xərçəngdən qorunmaq üçün sağlam qidalanmaq, yuxu rejiminə diqqət etmək və mütəmadi idmanla məşğul olmaq tövsiyə olunur.
Həkimin sözlərinə görə, pankreas xərçənginin müalicəsində açıq, laparoskopik və ya robotik cərrahiyyə əsas seçimlərdən biridir. Son dövrdə genetik mutasiyalara yönəlmiş ağıllı dərman texnologiyaları sahəsində ümidverici inkişaflar da müşahidə olunur.

