Bu salat həm yüngül, həm də fərqli dad axtaranlar üçün yaxşı seçimdir. Xırtıldayan yaşıl lobya, giləmeyvənin turşməzə dadı və limon-portağal ətri birlikdə çox təravətli bir dad yaradır.
Lazım olan ərzaqlar:
400 qram yaşıl lobya
1 stəkan moruq, çiyələk və ya nar dənəsi
2-3 ədəd yaşıl soğan
4 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı alma sirkəsi
1 xörək qaşığı limon suyu
1 çay qaşığı xardal
1 çay qaşığı portağal və ya limon qabığı rəndəsi
Zövqə görə duz
Zövqə görə üyüdülmüş qara istiot
Əvvəlcə yaşıl lobyanın uclarını kəsirəm və sərt damarlarını təmizləyirəm. Daha sonra lobyanı qaynayan duzlu suya əlavə edib 2-3 dəqiqə blanş edirəm. Lobya yumşalmalı, amma xırtıldayan quruluşunu və parlaq yaşıl rəngini saxlamalıdır.
Bişmə prosesini dayandırmaq üçün lobyanı dərhal soyuq və ya buzlu suya salıram. Sonra hər bir lobyani əlimlə uzununa iki yerə ayırıram. Bu üsulla salat daha canlı və iştahaaçan görünür.
Ayrı qabda sousu hazırlayıram. Bunun üçün zeytun yağı, alma sirkəsi, limon suyu, xardal, portağal və ya limon qabığı rəndəsi və bir çimdik duzu qarışdırıram.

Sonra lobyanı incə doğranmış yaşıl soğanla birlikdə qaba əlavə edirəm, üzərinə hazırladığım sousu gəzdirirəm və qara istiot səpirəm.
Sonda moruq, çiyələk və ya nar dənələrini salata ehtiyatla əlavə edirəm ki, əzilməsin və suyunu buraxmasın.
Bu salatı dərhal süfrəyə vermək daha yaxşıdır. Çünki yaşıl lobya xırtıldayan qalanda, giləmeyvə isə hələ suyunu buraxmamış olanda dadı daha təravətli olur.

