Yuxunun keyfiyyətinin pisləşməsinə bir çox amil səbəb ola bilər, lakin ən ciddi problemlərdən biri nizamsız yuxu rejimidir.
Bu barədə yuxu üzrə mütəxəssis, həkim Xavyer Albares “Men’s Health” nəşrinə danışıb.
“Yalnız bir vərdiş seçməli olsaydım, nizamsız yuxu rejimini deyərdim. Beynimiz sabit və davamlı siqnallar aldıqda daha yaxşı işləyir”, – həkim bildirib.

Albaresin sözlərinə görə, hər gün fərqli saatlarda yatmaq və oyanmaq, xüsusilə həftəsonları və səyahətlər zamanı rejimin kəskin dəyişməsi orqanizmin sirkadiyal ritmini poza bilər.
Bunun nəticəsində insanda xroniki yorğunluq yarana, diqqəti toplamaq çətinləşə və hətta müxtəlif xəsarətlərin başvermə riski arta bilər.
Mütəxəssis yuxusuzluğa səbəb ola biləcək digər amillər sırasında stressi, gecə ağır yeməklər yeməyi, spirtli içkiləri və axşam saatlarında ekranlardan yayılan mavi işığa məruz qalmağı da göstərib.

