Kabaçok yay-payız mövsümünün ən əlçatan tərəvəzlərindən biri olmaqla yanaşı, yüksək arterial təzyiqi olan insanlar üçün də faydalı seçim hesab olunur.
Primorye Səhiyyə Nazirliyinin baş dietoloqu, tibb elmləri namizədi Olqa Yamilovanın sözlərinə görə, kabaçokda natrium çox azdır, lakin kalium və maqnezium var.
“Kabaçok demək olar ki, natrium ehtiva etmir. Buna görə hipertoniya, ürək-damar xəstəlikləri və ödemə meyilliliyi olan insanlar üçün uyğun məhsuldur”, – deyə mütəxəssis bildirib.
Kabaçok həmçinin qida lifləri ilə zəngindir. Lif bağırsaqların fəaliyyətini dəstəkləyir, mikrofloraya müsbət təsir göstərir və artıq xolesterinin orqanizmdən xaric edilməsinə kömək edir.

Tərəvəzin tərkibində kalium, maqnezium, fosfor, kalsium, dəmir, B qrupu və C vitaminləri var.
Mütəxəssislərin sözlərinə görə, kabaçokun hazırlanma üsulu onun faydalı xüsusiyyətlərinin nə dərəcədə qorunmasına təsir edir. Buxarda bişirmək və sobada hazırlamaq daha uyğun üsullar hesab olunur.
Çiy kabaçokda C vitamini, lutein və zeaksantin daha yaxşı qorunur. Lakin çiy halda istifadə bəzi insanlarda köp yarada bilər. Bu səbəbdən çiy yemək üçün daha çox gənc və yumşaq kabaçokların seçilməsi tövsiyə olunur.

Dietoloq Yelena Solomatina isə kabaçokun çox yağda qızardılmasını məsləhət görmür. Onun sözlərinə görə, qızartma zamanı tərəvəz çoxlu yağ çəkir və nəticədə kalori miqdarı artır.
Kabaçoku şorbalara əlavə etmək, tərəvəzli omlet hazırlamaq, kotletlərin tərkibində istifadə etmək və ya sobada bişirmək mümkündür.

