Alimlər Qədim Misirdə hökmdarın ölümündən sonra qulluqçuların və saray əhlinin qurban verilmiş ola biləcəyinə dair yeni dəlillər aşkarlayıblar.
“The Guardian”ın məlumatına görə, eramızdan əvvəl təxminən 3000-ci ilə aid Abidos yaxınlığındakı Umm əl-Qaab kral nekropolunda hökmdarların məzarlarının ətrafında yüzlərlə saray məmuru və qulluqçunun dəfn yeri yerləşir.
ABŞ-nin Purdue Universitetinin alimləri I sülalənin üç hökmdarı – çar Cer, çar Cet və kraliça Merneytin məzarları ətrafında dəfn edilmiş 46 nəfərin kəllə sümüyünü araşdırıblar.
Onlardan 18-də ölümcül ola biləcək travmalar, o cümlədən sümük sınıqları, bir halda isə göz nahiyəsində kəsici zərbədən yaranmış yara aşkarlanıb.
Bu məzarları 1920-ci illərdə araşdıran ingilis misirşünas Flinders Pitri həmin insanların qurban verildiyini ehtimal etsə də, o dövrdə skeletlərdə zorakılıq izləri müəyyən edə bilməmişdi. Pitri onların diri-diri basdırılmış ola biləcəyini düşünürdü.
Digər mütəxəssislər isə qulluqçuların təbii şəkildə öldüyünü və hökmdarın ölümündən sonra onun yanında yenidən dəfn edildiyini irəli sürürdülər.
Yeni araşdırmanın müəllifi Rozelin Kempbellin sözlərinə görə, kəllə sümüklərindəki sınıqlar insanların ölüm anında və ya ölümə çox yaxın vaxtda aldığı zərbələr nəticəsində yaranmış ola bilər.
Alim hesab edir ki, zərbələr gürzlə deyil, daha çox ağacdan və ya buynuzdan hazırlanmış yastı və enli alətlərlə endirilib.
Bununla belə, tədqiqatçı bütün dəfn olunanların qurban verildiyini söyləməyin mümkün olmadığını vurğulayıb.

“Bəzi qulluqçuların qurban verilməsi, digərlərinin isə qurban verilməməsi tamamilə mümkündür”, – Kempbell bildirib.
Araşdırmaya görə, bu ənənə uzun müddət davam etməyib. Hökmdarların ətrafında əlavə dəfnlərin sayı sürətlə azalıb və II sülalənin başlanğıcında bu praktikanın yoxa çıxdığı ehtimal olunur.
Qahirə Amerika Universitetinin professoru Salima İkram bildirib ki, zaman keçdikcə insanların yerini simvolik heykəlciklər tutmağa başlayıb. Onun sözlərinə görə, bəzi qulluqçular hökmdara axirətdə də xidmət etməyi əbədi həyatın bir hissəsi kimi qəbul etmiş ola bilərlər.

