ABŞ-nin Kaliforniya ştatında 1978-ci ildə üzüm bağında dayaz məzardan tapılan qızın qalıqlarının kimliyi təxminən 50 il sonra müəyyən edilib.
People nəşrinin məlumatına görə, insan qalıqları 1978-ci ilin iyununda traktorçu tərəfindən torpaqla örtülmüş vəziyyətdə aşkarlanıb. Meyitdə zorakılıq izləri olsa da, həmin dövrdə nə barmaq izləri, nə də stomatoloji rentgen məlumatları qurbanın kimliyini müəyyən etməyə imkan verib.
Qız həmin ilin noyabrında naməlum şəxs kimi dəfn olunub.
İş 2007-ci ildə yenidən açılıb və qalıqlar DNT nümunəsi götürülməsi üçün eksqumasiya edilib. Lakin məlumat bazalarında uyğunluq tapılmadığı üçün bu cəhd də nəticə verməyib.
İrəliləyiş məhkəmə-genetik genealogiya üsulu sayəsində əldə olunub. Bu metod DNT analizini ənənəvi nəsil araşdırmaları ilə birləşdirir.
2025-ci ildə “Othram” şirkəti sümük nümunəsindən DNT profili hazırlayaraq mümkün qohumları müəyyən edib. Aparılan testlər qurbanın 1978-ci ilin fevralında itkin düşən Mişel Kollyer olduğunu təsdiqləyib.
Qalıqlar ailəyə təhvil verilib və onlar nəhayət, qızı öz ad-soyadı ilə dəfn edə biliblər.
Araşdırma davam edir, polis qətli törədən şəxsi axtarır.

