Türkiyəli aktrisa Emel Yıldız 85 yaşında vəfat edib. İctimaiyyətdə “Panter Emel” ləqəbi ilə tanınan sənətçinin ölüm xəbərini aktrisa Tuna Arman sosial şəbəkə hesabında açıqlayıb.
Tuna Arman paylaşımında Emel Yıldızın 40 gün əvvəl qızını itirdiyini bildirib.
“Panter Emeli itirdik. Sabah günorta namazından sonra Fatih məscidindən son mənzilə yola salacağıq. 40 gün əvvəl qızını itirmişdi. Həmişə ‘sevinin’ deyərdin, Emel abla. Getdiyini eşidəndə çox üzüldüm”, — aktrisa yazıb.
Məlumata görə, Emel Yıldız sabah Fatih məscidində qılınacaq cənazə namazından sonra dəfn ediləcək.

Emel Yıldız 1941-ci ildə Bolqarıstanda anadan olub. Gənclik illərində Yeşilçam filmlərində rol alan aktrisa bir çox ekran işində çəkilib.
Onun həyatındakı maraqlı məqamlardan biri isə Türkan Şorayın kinoya gəlişində rol oynamasıdır. Bildirilir ki, Türkan Şoray həmin dövrdə ev sahiblərinin qızı olan Emel Yıldızla birlikdə film çəkiliş meydançasına gedib və bundan sonra kino karyerasına başlayıb.

Aktyorluq fəaliyyətindən sonra Emel Yıldız özünü əsasən küçə heyvanlarının qorunmasına həsr edib. Xüsusilə 1990 və 2000-ci illərdə heyvan hüquqları ilə bağlı sərt və prinsipial çıxışları ilə yadda qalıb.
“Panter Emel” ləqəbi də onun barışmaz və mübariz xarakteri ilə bağlı yaranıb.

Emel Yıldız müxtəlif qəzet və jurnallarda ətraf mühit, insan və heyvan hüquqları mövzularında yazılar yazıb. O, Türkiyədə heyvan hüquqları ilə bağlı ictimai şüurun formalaşmasında mühüm fiqurlardan biri hesab olunurdu.

