Otuz iki ildir itkin hesab olunan şəhid Rövşən Məcid oğlu Əliyevin nəşi Xırdalan şəhərinə gətirilərək dəfn edilib.
Den.az-ın əməkdaşının verdiyi məlumata görə, dəfn mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, eləcə də Xırdalanın ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin nəşi doğulub boya başa çatdığı Xırdalan şəhərindəki evinin qarşısına gətirilərtək vida mərasimi təşkil edilib.
Mərasimdə diqqətə çatdırılıb ki, Rövşən Əliyev 1973-cu il mart ayının 20-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olub. 1980-ci ildə qəsəbədəki 3 saylı orta məktəbin birinci sinfinə qəbul edilib, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib. Bundan sonra Rövşən təhsilini Bakı şəhərindəki 94 saylı Texniki peşə məktəbində davam etdirib və 1991-ci ildə oranı orta təhsil və bəzəkçi peşəsi ilə başa vurub.
1991-ci ildə ailə həyatı quran Rövşən tezliklə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılır və Qazan şəhərində qulluq etməyə başlayır. Lakin Azərbaycanın başı üstünü erməni təcavüzü aldığından Rövşən Sovet ordusunda qulluqdan imtina edərək doğma respublikamıza qayıdır. Elə həmin 1991-ci ildən etibarən “Ermənistan”la sərhəddə yerləşən Qazax bölgəsində Milli Ordu sıralarında qulluq etməyə başlayır. 1992-ci ildə Yevlax batalyonu tərkibində vuruşur. Rövşən 1992-ci il dekabr ayının 10-da Laçın rayonu ərazisində erməni daşnaklarına qarşı aparılan hərbi əməliyyatlar zamanı itkin düşüb.
Dəfn mərasimində çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlətin şəhid ailələrini daim diqqət mərkəzində saxladığını, onları xüsusi qayğı ilə əhatə etdiyini bildirib. İcra başçısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Abşeron rayonunda da şəhid ailələrinə lazımi diqqətin göstərildiyini, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək müqəddəs torpaqlarımızı yağı düşmənin tapdağından xilas edən şəhidlərimizin Azərbaycan xalqı tərəfindən hər zaman xüsusi hörmət və dərin ehtiramla yad ediləcəyini vurğulayıb.
Tədbirdə üç rəngli Azərbaycan bağrağı Rövşən Əliyevin ailəsinə təqdim edilib. Şəhidin nəşi yaylım atəşi müşaiəti ilə Xırdalan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Rövşənin itkin xəbərinə dözə bilməyən valideynləri vəfat edib. Rövşən üç bacının tək qardaşı idi. Ondan yadigar Rəvşanə və Vüsalə adlı iki qız övladı qalıb.
Müşviq Tofiqoğlu
Den.az