Xətai rayonunda həyətyanı sahələrdə çökmələr yaranıb, ərazidə iri çuxurlar əmələ gəlib. Hətta evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.
Denmedia.azXəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev küçəsi, 88 ünvanında lentə alınıb.
Sakinlərin sözlərinə görə, aramsız yağışlardan sonra küçə boyunca yerləşən müxtəlif evlərin həyətlərində torpaq çökmələri baş verib. Son günlər isə demək olar ki, bütün həyətlərdə dərin çuxurlar yaranıb.
Ərazi sakinləri bildirirlər ki, evlər kollektorun üzərində tikilməyib. Onların iddiasına görə, çökməyə səbəb olan kollektor sonradan çəkilib.
Sakinlər mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama verib. Qurumdan bildirilib ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib.
Xidmətdən qeyd olunub ki, su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.
Bildirilib ki, məsələ ilə əlaqədar Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib və aidiyyəti üzrə tədbirlərin görülməsi üçün müraciət olunub.

