Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy rayonlarının və Bakının Yasamal rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər elektrik təchizatının keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aparılan təmir və texniki işlərlə əlaqədardır.
Tərtərdə saat 10:00-dan 14:00-dək İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik olmayacaq.
Ağdaşda saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində fasilə yaranacaq.
Bərdədə saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Goranboyda saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində məhdudiyyət tətbiq olunacaq.
Bakının Yasamal rayonunda isə saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
“Azərişıq” bildirir ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə elektrik təchizatının keyfiyyəti və dayanıqlılığı yaxşılaşacaq.

