Oktyabrın 7-də Yasamal rayonunda və Binəqədi rayonunun Bələcəri qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunda transformator yarımstansiyasında, Bələcəri qəsəbəsində isə 6 kV-luq “Bələcəri-1” və “Bələcəri-2” hava xətlərində təmir işləri aparılacaq.
Yasamal rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələrində, Parlament prospektinin bir hissəsində və Qanlı göl ətrafı ərazilərdə tətbiq olunacaq.
Bələcəri qəsəbəsində isə saat 10:00-dan 16:00-dək Xudadat bəy Məlik-Aslanov küçəsində və yeni yaşayış massivində qısamüddətli fasilələr gözlənilir.
“Azərişıq” ASC-dən bildirilib ki, görülən işlər elektrik enerjisi təchizatının keyfiyyətinin və dayanıqlığının artırılmasına xidmət edir.

