Bu gün ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirilir. Bu seçkilər müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.
Məhz bu növbədənkənar prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutur.
Den.az xəbər verir ki, 50 saylı Abşeron üçüncü seçki dairəsinin 20 nömrəli seçki məntəqəsində əhali fəallıq nümayiş etdirir. Onlar səhər tezdən seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə yaxından iştirak edirlər.
Məntəqənin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olunub və aktivlik bu saatlaradək davam etməkdədir. Azərbaycanın seçki tarixində seçicilərin ilk dəfə belə aktiv iştirakçılığı müşahidə edilir.
Bildirilir ki, Abşeron rayonunda yerləşən seçki məntəqələrində seçici aktivliyi çox yaxşıdır. Seçicilər könüllü şəkildə, heç bir müdaxilə edilmədən, şəffaf şəkildə səsvermədə iştirak etməkdədirlər.
Səsvermə prosesi davam edir.



Şahnaz Əliyeva,
Den.az