Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycanla ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Birləşmiş Ştatlara səfərlərini, Donald Trampla görüşlərini, həmçinin ABŞ Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini məmnunluqla xatırladıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının iki ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını bildirib.
Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyəti də qeyd edilib.
Dövlət başçısı Abraham Hamadenin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Abraham Hamade ölkəmizin coğrafi baxımdan nadir mövqeyə malik olduğunu deyib. O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində səylərinə toxunulub. Hər iki liderin dövlətlərarası münasibətlərin inkişafına böyük önəm verdiyi bildirilib.

Söhbət zamanı Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulanıb. Regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlar da müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycanla ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələr, sərmayə qoyuluşu, enerji, təhlükəsizlik, nəqliyyat bağlantıları, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Tərəflər Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

