Məşhur “Ağrısını gizlədən Harold” internet meminin qəhrəmanı Andraş Arato Macarıstan prezidentliyi üçün xalq namizədi seçilib.
Bu barədə avqustun 3-də hakim “Tisa” partiyasının sosial şəbəkə hesablarında məlumat yayılıb.
Məlumata görə, Macarıstan parlamenti iyulun 14-də Konstitusiyaya 17-ci düzəlişi qəbul edib. Dəyişiklik ölkə Prezidenti Tamaş Şuyokun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutub. Qərarın lehinə 139 deputat, əleyhinə isə 6 deputat səs verib.
Bundan sonra Baş nazir Peter Madyar və “Tisa” partiyası sosial şəbəkələrdə vətəndaşlardan ölkə başçısı postunda kimi görmək istədiklərini soruşublar. Onlayn səsvermənin qalibi Andraş Arato olub.
Peşəcə elektrik mühəndisi olan Arato geniş şöhrəti fotomodel kimi qazanıb. Onun fotoları sosial şəbəkələrdə sürətlə yayılaraq memlərə çevrilib.
“Ağrısını gizlədən Harold” obrazı 2011-ci ildən populyarlığını qoruyur. İstifadəçilər Aratonun daxili ağrını gizlədən təbəssümə bənzəyən xarakterik üz ifadəsini xüsusilə yadda qalan hesab edirlər.
Hazırda 81 yaşı olan Arato televiziya layihələrində və reklam kampaniyalarında da iştirak edib. O, 2019-cu ildə Macarıstanda “Coca-Cola”nın reklam siması olub, daha sonra müxtəlif reklam və televiziya layihələrində yer alıb. 2020-ci ildə isə Macarıstanın “Maskalı müğənni” proqramında iştirak edib.

