Polşada Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin səfirliyi tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.
Denmedia.az xəbər verir ki, Polşada istehsal olunan məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin bayrağının təsvirinin yer aldığı çap materiallarının satışa çıxarılması Azərbaycan diasporunun nümayəndələri tərəfindən sosial şəbəkələrdə ictimailəşdirilib.
Məlumat yayıldıqdan dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi həmin məhsulların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.
Məhsulun istehsalı və satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılaraq Azərbaycanın kəskin etirazı bildirilib. Şirkət rəhbəri yol verilmiş yanlışlığa görə üzr istəyib və məhsulun istehsalı ilə satışının dayandırılması barədə qərar qəbul edildiyini bildirib.
Səfirliyin təklifi əsasında şirkət rəhbəri diplomatik nümayəndəliyə yazılı məlumat təqdim edib. Məktubda sözügedən təsvirin çap materiallarında istifadəsinin qəsdən həyata keçirilmədiyi, bunun istehsal prosesində “insan amili” nəticəsində baş verdiyi qeyd olunub.
Bildirilib ki, məhsulun satışı tamamilə dayandırılıb, anbarda qalan və müştərilər tərəfindən geri qaytarılan bütün nüsxələr isə dövriyyədən çıxarılaraq məhv ediləcək.
Gələcəkdə çap olunacaq materiallarda həmin təsvirin istifadəsinin qarşısını almaq üçün müvafiq düzəlişlərin edildiyi də vurğulanıb.
Çezarı Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirib.
Azərbaycanın Polşadakı səfirliyi məsələni aşkar edərək ictimailəşdirən, hər iki ölkə ictimaiyyətinin diqqətini buna yönəldən və müvafiq qurumlara müraciət edən diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

