İranın hücumları səbəbilə Dubayda qalan Şevket Çoruh və İlker Ayrık günlər sonra Türkiyəyə qayıdıb.
İranın İsrail və ABŞ-ın birgə əməliyyatına cavab olaraq Körfəz ölkələrinə raket hücumları fonunda Dubayda olan bəzi əcnəbilər, o cümlədən türk aktyorları Şevket Çoruh və İlker Ayrık bir müddət ölkəyə qayıda bilməyiblər.

Məlumata görə, hücumlardan biri çox sayda Türkiyə vətəndaşının qaldığı Fairmont The Palm ətrafına düşüb. Bu səbəbdən bölgədə uçuşlar müvəqqəti dayandırılıb.
“Bir Baba Hamlet” tamaşasının turnesi üçün Dubayda olan aktyorlar uçuşların ləğv edilməsi səbəbilə orada qalıblar.

İlker Ayrık sosial şəbəkədə paylaşım edərək ailəsinin də onunla birlikdə olduğunu bildirib.
“Hamınızın bildiyi səbəblərə görə qayıda bilmirik. Ailəm də yanımdadır. Uşaqlar bir az dərsdən qalırlar. Ümid edirəm müəllimləri bizi başa düşər”, — deyə o yazıb.
Bir neçə gün sonra aktyor ölkəyə qayıtdıqlarını açıqlayıb.
“Səhər saat 09:00-dan etibarən Omanın Maskat şəhəri üzərindən 18 saat davam edən yolçuluqdan sonra evimizə qayıtmışıq. Ailəm, bütün teatr heyətimiz – hamımız yaxşıyıq”, — deyə İlker Ayrık qeyd edib.
O, həmçinin narahat olub zəng edən və mesaj yazan hər kəsə təşəkkür edib.


