Müğənni Alla Puqaçovanın Qryaz kəndində yerləşən məşhur qalası yaxın beş il ərzində dəyərinin dörddə birinə qədərini itirə bilər.
Bu barədə aif.ru-ya daşınmaz əmlak üzrə ekspert Konstantin Muravyov bildirib.
Onun sözlərinə görə, belə iri və dəbdəbəli tikililərə tələbat artıq əvvəlki kimi deyil. Bir vaxtlar qala tipli ev almaq yüksək statusun göstəricisi sayılırdısa, indi alıcılar bu cür şəhərətrafı obyektlərə demək olar ki, maraq göstərmirlər.
“Bu daşınmaz əmlak zaman keçdikcə yalnız ucuzlaşacaq. Hazırda belə bir obyekt almaq istəyən demək olar ki, yoxdur. 1990-cı illərdə bu qalalar dəbdə olanda alıcı çox ola bilərdi”, – Muravyov deyib.

Ekspert qeyd edib ki, bu tip elit malikanələr indi daha çox kommersiya məqsədləri üçün, məsələn, özəl reabilitasiya mərkəzləri kimi istifadə olunmaq üçün alınır.
Puqaçovanın Moskva vilayətindəki malikanəsi üçün başqa bir variant kimi müğənninin şəxsi muzeyinin yaradılması da göstərilir.
Mütəxəssisin fikrincə, evdə daimi yaşayış və lazımi qulluq olmadıqda obyektin illik dəyər itkisi 5 faizdən 50 faizə qədər ola bilər.

