Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun İstanbulun Göktürk bölgəsində yerləşən evində təmizlik işləri görən Türkmənistan vətəndaşı Bahadur Yangibayev damdan yıxılaraq ağır yaralanıb. Hadisənin avqustun 31-də baş verdiyi bildirilir. Yaralı xəstəxanaya çatdırılıb və hazırda reanimasiyada müalicəsi davam edir.
Halk TV-nin məlumatına görə, hadisə evdə aparılan təmir işlərindən sonra baş verib. Yangibayev təmizlik üçün dama çıxdığı zaman hündürlükdən yerə yıxılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Hadisədən sonra saxlanılan təmir şirkətinin sahibi A.A. Yangibayevin onun işçisi olmadığını və dama çıxması üçün ona göstəriş vermədiyini bildirib. A.A. həmçinin saxlanıldığı müddətdə özünü Kıvanç Tatlıtuğun vəkili kimi təqdim edən İ.A.-nın ona üç səhifəlik müqavilə imzalatdığını iddia edib.

Sərbəst buraxıldıqdan sonra A.A.-nın vəkili Kıvanç Tatlıtuğ və onun vəkili barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda məsələ ilə bağlı hüquqi proses davam edir. Bu mərhələdə Tatlıtuğ barəsində şikayət verilməsi onun hər hansı hüquq pozuntusunda təqsirli olduğu anlamına gəlmir.

