Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanıldığı iddia edilən aktrisa Afra Saraçoğlu yayılan xəbərləri təkzib edib.
İş səfəri ilə əlaqədar xaricdə olduğunu bildirən məşhur aktrisa ən qısa zamanda Türkiyəyə qayıdaraq ifadə verəcəyini açıqlayıb.
Bakırköy Respublika Baş Prokurorluğunun “cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotiklərlə mübarizə” çərçivəsində apardığı istintaqda aktyorlar, müğənnilər, iş adamları, sahibkarlar və sosial media fenomenlərinin də olduğu 18 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Şübhəlilər barəsində “narkotik maddədən istifadə etmək, onun istifadəsini asanlaşdırmaq və ya bunun üçün yer təmin etmək” iddiaları ilə əməliyyat başladılıb. Bundan sonra mediada Afra Saraçoğlunun da saxlanıldığı barədə xəbərlər yayılıb.
Saraçoğlu sosial media hesabında açıqlama verərək hazırda Türkiyədə olmadığını və onun saxlanılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Çoxdan planlaşdırılmış iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm. Ədalətin bərqərar olması və prosesin ən düzgün şəkildə davam etməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlaşacağına tam inanıram.”
İstintaq çərçivəsində keçirilən əməliyyatlarda 18 şübhəlinin saxlanıldığı bildirilir. Siyahıda Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, Melisa Şenolsun, Seyfullah Sağır – Sefo, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yağız Sabuncuoğlu, Yeliz Yeşilçimen, Aydan Osmanlı, Anıl Durmuş, Muhammet Kahyaoğlu, Aytaç Kart, Sayat Zurnacı, Eyüpcan Pırlanta və Rıfat Atlının adları yer alır.

Digər tərəfdən, Bakırköy Respublika Baş Prokurorluğunun “narkotik maddədən istifadə”, “narkotik maddə təchizatı” və “fahişəlik” cinayətləri ilə bağlı apardığı başqa bir istintaq çərçivəsində daha 6 şübhəli barəsində saxlanılma qərarı verilib.
Beləliklə, iki ayrı istintaq çərçivəsində ümumilikdə 24 şübhəli barəsində saxlanılma qərarının verildiyi bildirilir.

