Türkiyədə narkotik vasitələrlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində saxlanılan məşhur aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.
Denmedia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində barəsində saxlanılma qərarı verilən aktrisa Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.
Saraçoğlu əvvəlcə Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq tibbi müayinədən keçirilib. Daha sonra Məhkəmə-Tibbi Ekspertiza İdarəsində və prokurorluqda müvafiq prosedurlar tamamlanıb.

Aktrisa bütün zəruri prosedurlardan sonra sərbəst buraxılıb.
Məsələ ilə bağlı sənətçinin menecerlik şirkəti də rəsmi açıqlama yayıb.
“Afra Saraçoğlu xarici ölkəyə səfərini başa vuraraq hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə-tibbi ekspertiza və prokurorluqda müvafiq prosedurlar tamamlandıqdan sonra sərbəst buraxılıb”, – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Bakırköy Respublika Baş Prokurorluğunun narkotik vasitələrlə bağlı başlatdığı istintaq çərçivəsində Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya və müğənni Sefo da daxil olmaqla, sənət və məşhurlar dünyasının bir sıra tanınmış simaları barəsində prosessual tədbirlər həyata keçirilib.

İstintaq çərçivəsində saxlanılan şəxslərin bir çoxu ekspertiza üçün nümunələr verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
İstintaq başladığı vaxt işgüzar səfərlə Fransada olan Afra Saraçoğlu sosial şəbəkə hesabında açıqlama yayaraq prosesi yaxından izlədiyini və Türkiyəyə qayıtdıqdan sonra hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edəcəyini bildirmişdi.
Aktrisanın istintaq çərçivəsində hüquqi vəziyyəti ilə bağlı proses davam edir.

