Türkiyədə yeni televiziya mövsümünün ilk erkən final xəbəri gəlib. Kenan İmirzalıoğlu və Bergüzar Koreli 11 ildən sonra yenidən eyni layihədə bir araya gətirən “A.B.İ.” serialının ekran həyatı başa çatır.
Jurnalist Birsen Altuntaşın məlumatına görə, OGM Pictures şirkətinin istehsalı olan serialın yayımı ikinci mövsümün 5-ci bölümündə dayandırılacaq.
ATV telekanalında çərşənbə axşamları yayımlanan ekran işinin final qərarının sentyabrın 22-də açıqlanan reytinq nəticələrindən sonra qəbul edildiyi bildirilir.

Bununla belə, nə prodüser şirkəti, nə də telekanal serialın ekranlarla vidalaşmasının səbəbi barədə ayrıca rəsmi açıqlama verib.
Xatırladaq ki, Kenan İmirzalıoğlu və Bergüzar Korel illər əvvəl “Karadayı” serialında baş rolları bölüşüblər. Onların 11 ildən sonra “A.B.İ.” layihəsində yenidən bir araya gəlməsi tamaşaçılar arasında böyük maraq doğurmuşdu.

Serialda Bergüzar Korel İmirzalıoğlunun canlandırdığı Doğan obrazının keçmişindən gələn Leyla obrazına həyat verirdi.
İki məşhur aktyoru illər sonra yenidən birləşdirən layihənin yeni mövsümün başlanğıcında final etməsi Türkiyə televiziya gündəmində diqqət çəkib.

Məlumata görə, “A.B.İ.” serialının yayım saatında Oktay Kaynarca, Caner Cindoruk və Fahriye Evcenin baş rolları paylaşdığı “Hamal” serialının nümayişinə başlanılması gözlənilir.

