Show TV-də beşinci mövsümü yayımlanan “Kızılcık Şerbeti” serialında ssenari komandası ilə bağlı mühüm dəyişiklik baş verib.
Serialın ilk bölümündən etibarən hekayəni qələmə alan Melis Civelek və Zeynep Gür prodüser şirkəti ilə yollarını ayırıblar.
Birsen Altuntaşın məlumatına görə, iki ssenaristin serialdakı fəaliyyəti 143-cü bölümdən etibarən başa çatıb.
Bildirilib ki, Melis Civelek və Zeynep Gürlə prodüser şirkəti arasında ssenarinin gələcək istiqaməti və iş prosesi ilə bağlı fikir ayrılıqları yaranıb. Bundan sonra tərəflər qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoymaq qərarına gəliblər.

Civelek və Gür “Kızılcık Şerbeti”nin ilk bölümündən etibarən ssenari komandasının başında olublar və serialın hekayəsinin formalaşmasında mühüm rol oynayıblar.
İki ssenaristin ayrılmasından sonra serialın yeni ssenari komandasının kimlərdən ibarət olacağı hələ açıqlanmayıb. Yeni müəlliflərin yaxın günlərdə məlum olacağı gözlənilir.
Beşinci mövsümdə baş verən bu dəyişiklikdən sonra serialın hekayəsinin hansı istiqamətdə davam edəcəyi maraq doğurur.

