Yay ayının gəlişi ilə əlaqədar olaraq, Sumqayıt Bələdiyyəsinin nəzdində olan parkda yaşıllıqların qorunması, abadlıq və ekoloji tarazlığın möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı iməcilik aksiyası təşkil olundu.
Den.az xəbər verir ki, Sumqayıt Bələdiyyəsinin təşəbbüsü, bələdiyyə əməkdaşlarının və Mənzil Kommunal Təsərrüfat Birlikləri əməkdaşlarının fəal iştirakı ilə şəhər parkında bir sıra vacib abadlıq işləri həyata keçirildi. Bu tədbir sadəcə mövsümi bir iməcilik deyil, eyni zamanda şəhərimizin ekoloji mühitinə göstərilən davamlı qayğının təzahürü oldu.
Tədbir çərçivəsində görülən əsas işlər:
-Park ərazisindəki ağacların budanması, qurumuş budaqların təmizlənməsi və sanitariya qaydalarına uyğunlaşdırılması;
-Ağacların əhənglənməsi (ağardılması) yolu ilə ziyanvericilərdən qorunması və vizual görünüşün yaxşılaşdırılması;
-Yaşıllıqların sulanması və torpaq qatının yumşaldılması ilə ağaclara əlavə qulluq göstərilməsi;
-Şəhərimizin yaşıllaşdırılmasına töhfə olaraq yeni ağac tinglərinin əkilməsi;
-Park ərazisindəki skamyaların yenidən rənglənməsi, təmir-bərpa işlərinin aparılması;
-Ətrafın tullantılardan təmizlənməsi və sanitariya vəziyyətinin yaxşılaşdırılması.
Bu tip tədbirlər Sumqayıtımızın şəhər mühitini daha sağlam, yaşıl və cəlbedici saxlamaqla yanaşı, sakinlərdə ekoloji məsuliyyət hissini gücləndirir. Həm bələdiyyə, həm də MKTİ birliklərinin əməkdaşlarının əlbir iştirakı, ictimai əməkdaşlığın və ortaq dəyərin – təbiətə qayğının bir nümunəsidir.
Sumqayıt Bələdiyyəsi , yay ayları ərzində də bu tip ekoloji və abadlıq yönümlü tədbirlərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırır. Şəhərin birlikdə daha gözəl və yaşıl görmək üçün hər bir sakini bu təşəbbüslərə dəstək olmağa dəvət edir.