Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Wieck ilə görüşüb...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) icraçı direktoru Nargis Wieck ilə görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı çərçivəsində Sumqayıtda həyata keçirilə biləcək birgə layihələr, investisiya imkanları və sənaye əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Zakir Fərəcov görüşdə Sumqayıtın sənaye potensialı, inkişaf strategiyası və xarici investorlar üçün yaradılmış əlverişli mühit barədə məlumat verərək bildirib ki, Sumqayıt Azərbaycanın əsas sənaye şəhərlərindən biri kimi mühüm inkişaf mərhələsi yaşayır. Xarici investisiyaların təşviqi və beynəlxalq əməkdaşlıq istiqamətində AHK Azərbaycan kimi nüfuzlu təşkilatlarla əlaqələrin gücləndirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır.
AHK Azərbaycan-ın icraçı direktoru Nargis Wieck isə Sumqayıt şəhərinin sənaye və biznes potensialını yüksək qiymətləndirərək qeyd edib ki, Alman şirkətləri Azərbaycanda, xüsusilə də Sumqayıt kimi sürətlə inkişaf edən şəhərlərdə əməkdaşlıq imkanları axtarırlar. “Biz, AHK Azərbaycan olaraq, bu əlaqələrin qurulmasına dəstək göstərməyə və əməkdaşlığın dərinləşməsinə hazırıq,” – deyə o əlavə edib.
Görüş çərçivəsində gələcək əməkdaşlığa dair bir sıra təkliflər irəli sürülüb və tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə işçi səviyyəsində müzakirələrin davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, 2024-cü il dekabrın 2-dən etibarən Nargis Wieck AHK Azərbaycan-ın icraçı direktoru vəzifəsinə təyin olunub. 2012-ci ildən Alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərən AHK Azərbaycan hazırda 190-dan çox üzv şirkəti ilə Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyası hesab olunur.