Bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600 baldan yüksək nəticə göstərərək tələbə adını qazanmış abituriyentlərlə görüş keçirib.
DenMedia.az xəbər verir ki, Xızı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Xızı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyasının Xızı Rayon Təşkilatının sədri, Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin direktoru və 600-dən yüksək bal toplayan 5 nəfər tələbə iştirak edib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə rayon ictimaiyyəti üçün əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb.
İcra başçısı bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. İcra başçısı qeyd edib ki, həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək “Neft kapitalını insan kapitalına çevirək” devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Rayon rəhbəri qeyd edib ki, təhsil sahəsinə göstərilən dövlət qayğısını məzunlarımız da ən yüksək bal toplayaraq onlara olan etimadı doğrultmağa çalışırlar. Bugünkü görüşdə iştirak edən məzunlarımızın əldə etdikləri uğurlar bütün söylədiklərimizin bariz nümunəsidir. Bu gün həmin məzunlar bir daha sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət dayanır. Onlar öz məsuliyyətlərini dərk edərək rayonun, təhsil aldıqları məktəblərin, dərs deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz uğurları ilə hər birinin sevincinə səbəb oldular.
Sonra Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin direktoru Svetlana Rüstəmova çıxış edərək uğur qazanan abituriyentləri təbrik edərək gələcək həyatlarında uğurlar arzulayıblar. Bugünkü görüşün təşkil olunmasına görə rayon rəhbərinə minnətdarlığını bildirib.
Sonda uğur qazanan tələbələrə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov görüşə yekun vuraraq bütün tələbələri bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar arzulayıb. “Əziz balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, – deyən rayon rəhbəri öz tövsiyələrini verib.
















