Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Vətən müharibəsi iştirakçısı və antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş mayor Vüqar Heydərovun xatirəsinə ehtiram olaraq 5 “g” sinifinə onun adı verilib.
DenMedia.az xəbər verir ki, bu münasibətlə məktəbdə şəhidin xatirəsinə həsr olunmuş duyğusal tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və şəhid ailəsinin üzvləri iştirak ediblər.
Direktor əvəzi Günay Heydərova çıxışında bildirib ki, bu cür addımlar təkcə bir sinfə ad verilməsi deyil, gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə qoyulan mənəvi təməldir:
“Vətən uğrunda canından keçən oğulların adlarını məktəblərdə, siniflərdə, uşaqların hafizəsində yaşatmaq — tarixə, şəhidlərə, dövlətə sədaqətin göstəricisidir.”
Tədbirdə çıxış edən digər natiqlər 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında baş tutan antiterror əməliyyatları zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi igidlikdən danışıblar. Onlar şəhid mayor Vüqar Heydərovun döyüş yolunu xatırladaraq, onun qəhrəmanlığını qürurla yad ediblər.
Məktəblilərin ifasında Vətən, şəhidlik və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar ifa olunub. Qeyd edək ki, şagirdlərin ifasında səsləndirlən şeirlərin əksərriyəti, şəhidin həyat yoldaşı, elə həmin sinifin müəllimi Ülkər Vüqarlıya aiddir.
Tədbir zamanı şəhidin həyat və döyüş yoluna həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Bildirilib ki, 2023-cü il sentyabrın 19-da Vətən torpaqlarını terror təhdidindən qorumaq üçün başlayan antiterror əməliyyatları zamanı mayor Vüqar Heydərov döyüş bölgəsində idi. O, həmin gün səhər saat 9-da həyat yoldaşıyla danışaraq döyüş postlarına yollanacağını, bir müddət zənglərin çatmayacağını bildirib. Bu, onların son söhbəti olub...
Saat 11 radələrində Zirvə adlı döyüş postunda tapşırığı yerinə yetirərkən Mayor Heydərov Şəhadət Zirvəsinə ucalıb. Şəhidin həyat yoldaşı, 5 g sinifin müəllimi Ülkər Vüqarlı bildirib ki, Vüqarın torpağa tapşırıldığı 21 sentyabr günü səma qapqara buludlarla örtülmüşdü. Göylər nə guruldadı, nə də yağış yağdı. Sanki kainat bu igidin gedişindən utanırdı, səssizcə baxırdı. Həmin gün göy üzünün səssizliyi xalqın içindəki fəxarət və kədərin birləşdiyi andı. Bu sinif artıq təkcə 5 “g” deyil bu sinif Vüqar Heydərov sinfidir.
Burada böyüyən hər bir uşaq artıq bir qəhrəmanın adını daşıyır. Onlar dərsə hər gün bir vətən oğlunun adının qarşısında baş əyərək girirlər. Bu, təkcə təhsil otağı deyil — bu, qəhrəmanlığın, sədaqətin və şəhidlik andının yaşadığı bir məkandır.
Şəhid mayor Vüqar Heydərovun adı indi bu məktəbin divarlarında, sinif lövhəsində, uşaqların qəlbində yaşayır.
Vətən uğrunda can verən qəhrəmanlarımız kimi o da unudulmadı, unudulmayacaq da.
Ruhun qarşısında baş əyirik, Vüqar Heydərov!
Sənin adın gələcək nəsillərin dili ilə “Vətən” sözünün yanında çəkiləcək.

