Sumqayıt şəhərində uzun illərdir sakinləri narahat edən yol problemi həllini tapır.
DenMedia.az xəbər verir ki, Şəhid Şahmar Quliyev və Xəzər Yurd küçələrində genişmiqyaslı asfaltlanma işlərinə start verilib. Əraziyə xüsusi texnika və kifayət qədər canlı qüvvə cəlb olunub. Keçilməsi çətin olan, yağışlı havalarda palçıqdan hərəkətin mümkünsüzləşdiyi yollar mərhələli şəkildə təmir edilərək yeni asfalt örtüyü ilə təmin olunur.
Sakinlərin sözlərinə görə, xüsusilə qış aylarında vəziyyət daha da ağırlaşırdı. Nə uşaqları məktəbə aparmaq, nə də gündəlik hərəkət etmək mümkün olurdu. Aparılan işlər isə problemi kökündən həll edir. Artıq küçələrdə rahat və təhlükəsiz hərəkət mümkündür.
Məsul qurumların məlumatına görə, layihə çərçivəsində yol yatağı bərpa edilir, səth hamarlanır və yüksəkkeyfiyyətli asfalt örtüyü döşənir. Yola ümumilikdə beş min kvadrat metr asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. İşlərin qısa müddətdə tamamlanması üçün bütün imkanlar səfərbər olunub.
Sakinlər görülən tədbirləri müsbət qarşılayır və göstərilən diqqətə görə təşəkkür edirlər. Onlar bildirirlər ki, bu yenilənmə həm gündəlik həyatlarını asanlaşdıracaq, həm də ərazinin ümumi inkişafına töhfə verəcək.
Hazırda hər iki küçədə asfaltlanma işləri sürətlə davam etdirilir.

