Abşeron rayonunun Masazır kəndində uzun illərdir sakinləri narahat edən yol problemi nəhayət ki, öz həllini tapır. Qış aylarında palçıqdan, yayda isə toz-torpaqdan keçilməz olan küçələrdə genişmiqyaslı asfaltlanma işlərinə start verilib.
DenMedia.az-a danışan sakinlər bildirilər ki, onlar bu yeniliyi böyük məmnuniyyətlə qarşılayır. İllərdir gözlədikləri müraciət nəhayət ki, reallaşıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq Masazır Bələdiyyəsi qısa müddətdə ciddi işlər görüb. Cəmi bir gün ərzində iki küçə yüksək keyfiyyətli asfalt örtüyü ilə təmin olunub. Prosesi yerindəcə izləyən sakinlər bildiriblər ki, verilən diqqət və operativlik Masazırda həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
Əraziyə cəlb olunan texnikalar və canlı qüvvə tərəfindən aparılan işlər standartlara tam uyğun şəkildə icra olunub. Yolun hamarlanması, əsas qatın möhkəmləndirilməsi və son olaraq asfaltın döşənməsi peşəkar şəkildə həyata keçirilib.
Masazır sakinləri yolun abadlaşdırılmasının onların gündəlik hərəkətinə böyük rahatlıq gətirdiyini deyirlər:
Gediş-gəliş asanlaşıb
Toz-torpaq problemi aradan qalxıb
Palçıqlı yollara son qoyulub
Nəqliyyatın hərəkəti təhlükəsizləşib
Bu addım Masazırda sosial infrastrukturun yenilənməsi istiqamətində atılan mühüm işlərdən biri kimi dəyərləndirilir. Sakinlər görülən işlərə görə rayon rəhbərliyinə və bələdiyyəyə təşəkkürlərini ifadə edirlər.
Masazırda aparılan abadlıq işlərinin davam etdiriləcəyi gözlənilir və növbəti mərhələlərdə daha çox küçənin yenilənməsi planlaşdırılır.

