Sumqayıt Bələdiyyəsində 2025-ci ilin son iclası baş tutub.
Denmedia.az xəbər verir ki, iclasda bələdiyyə sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.
Toplantıda ötən bir il ərzində görülmüş işlər geniş şəkildə müzakirə olunub, qarşıdan gələn 2026-cı il üçün prioritet istiqamətlər, həlli vacib məsələlər və planlaşdırılan layihələr diqqətə çatdırılıb.
İclasın gündəliyində şəhərin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri, kommunal xidmətlərin yaxşılaşdırılması, yaşıllaşdırma tədbirləri, sosial həssas əhali qruplarına dəstək və vətəndaş müraciətlərinin icrası kimi əsas mövzular yer alıb. Bildirilib ki, 2025-ci il ərzində Sumqayıtın müxtəlif yaşayış massivlərində yolların təmiri, məhəllədaxili abadlıq, işıqlandırmanın yaxşılaşdırılması, tullantıların idarə olunması və yaşıllıq zolaqlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Bələdiyyə sədri çıxışında vurğulayıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bələdiyyənin birgə və əlaqəli fəaliyyəti nəticəsində şəhərdə nəzərəçarpacaq işlər görülüb. Onun sözlərinə görə, həyata keçirilən layihələr şəhər mühitinin yaxşılaşdırılmasına, əhalinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə və sosial rifahın artırılmasına xidmət edir:
“Şəhər icra hakimiyyəti ilə koordinasiyalı fəaliyyətimiz nəticəsində Sumqayıtda bir sıra mühüm layihələr reallaşdırılıb. Əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü və planlı addımlar atılıb. Bu yanaşma 2026-cı ildə də davam etdiriləcək.”-deyə sədr vurğulayıb.
İclasda 2026-cı il üçün bələdiyyənin qarşısında duran əsas vəzifələr də açıqlanıb. Bunlara abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, sosial layihələrin davamlılığının təmin edilməsi, məhəllə və yaşayış massivlərində problemlərin yerində həlli, eləcə də vətəndaş müraciətlərinə operativ yanaşmanın gücləndirilməsi daxildir.
Bələdiyyə üzvləri çıxış edərək görülmüş işlərə dair təklif və rəylərini səsləndirib, gələcək fəaliyyət üçün konkret təkliflər irəli sürüblər. Qeyd olunub ki, şəhərin davamlı inkişafı və sakinlərin məmnunluğunun artırılması üçün şəffaflıq, ictimai iştirakçılıq və vətəndaşlarla açıq dialoq əsas prinsiplər olaraq qorunacaq.
Sonda iclas iştirakçıları qarşıya qoyulan hədəflərin icrası üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, 2026-cı ildə Sumqayıtın daha da abad, komfortlu və yaşıl şəhərə çevrilməsi istiqamətində işlərin ardıcıl şəkildə davam etdiriləcəyini bildiriblər.


Ellada Rəsul
Denmedia.az

