Abşeron rayonunda Novruz və Ramazan bayramları münasibətilə autizmli, əqli və fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edilib.
Denmedia.az xəbər verir ki, Masazır qəsəbəsində baş tutan sosialyönümlü şənlik Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sahibkar Tural Ağaməmmədovun təşkilatçılığı ilə reallaşıb.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqları bayram günlərində sevindirmək, onların cəmiyyətə inteqrasiyasına mənəvi dəstək göstərmək və ailələrinin sevincinə sevinc qatmaq olub. Şənlikdə autizmli, əqli və fiziki inkişaf məhdudiyyətli uşaqlarla yanaşı, onların valideynləri də iştirak ediblər.
Bayram tədbiri olduqca səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçib. Məclisdə ölkəmizin tanınmış müğənniləri, televiziya aparıcıları, media nümayəndələri və blogerlər iştirak edərək uşaqlarla bir araya gəlib, onların sevincinə şərik olublar. Musiqili proqramlar, əyləncəli çıxışlar və uşaqlar üçün təşkil edilən maraqlı anlar tədbirə xüsusi rəng qatıb. İştirakçı uşaqlar üçün yaradılan bayram ab-havası onların sevinc dolu anlar yaşamasına səbəb olub.
Tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim edilib, onların üzündə yaranan təbəssüm isə bayramın ən gözəl mənzərəsinə çevrilib. Valideynlər belə həssas yanaşmanın və diqqətin onlar üçün böyük mənəvi dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, bu cür təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdə daha çox diqqət və sevgi ilə əhatə olunmasına mühüm töhfə verir.
Masazırda təşkil edilən bu bayram şənliyi bir daha göstərib ki, sosial həmrəylik, qayğıkeşlik və mərhəmət dəyərləri cəmiyyətin ən ali keyfiyyətlərindəndir. Novruzun birlik, Ramazanın isə mərhəmət ruhunu özündə birləşdirən bu gözəl tədbir həm uşaqlar, həm də onların ailələri üçün yadda qalan xoş bir günə çevrilib.

