Sumqayıt şəhər 30 nömrəli orta ümumtəhsil məktəbində 1994-cü ilin şəhidi, Vətən uğrunda canından keçmiş Abbasov Faiq Yaqub oğlunun xatirəsinə həsr olunmuş duyğusal tədbir keçirilib.
Denmedia.az xəbər verir ki, şəhidin bir zamanlar təhsil aldığı sinfə onun adı verilib və həmin sinif otağı bundan sonra Faiq Abbasovun ev muzeyi kimi fəaliyyət göstərəcək.
Tədbirdə şəhidin ailə üzvləri, doğmaları, məktəbin pedaqoji kollektivi, qazilər və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Fəridə Cəlilova çıxış edərək şəhidlərimizin, xüsusilə də 1994-cü ilin şəhidi Faiq Abbasovun göstərdiyi qəhrəmanlıq yolundan, onun Vətənə sədaqətindən və gənc nəsil üçün örnək olan həyatından geniş bəhs edib.
Tədbirdə şəhidin anası Nazlı Abbasova, qardaşı Fəriz Abbasov, şəhidin adını daşıyan bacısı oğlu Faiq Abbaslı, qohumu İsmayıl Abbasov, sinif yoldaşı Kəmalə Qarayeva, məktəbin müəllimi Rəfiqə Qasımova və qazi Ədalət Məmmədov çıxış edərək Faiq Abbasovla bağlı xatirələrini bölüşüb, onun mərdliyi və vətənpərvərliyindən danışıblar.
Daha sonra şəhidin həyat və keçdiyi şərəfli döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Məktəblilər Vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Qeyd edilib ki, 1970-ci il iyulun 5-də Laçın rayonunun Dayirmananı kəndində anadan olan Faiq Abbasov Sumqayıt şəhərində təhsil alıb, Sovet Ordusunda hərbi xidmət keçib. O, 1994-cü il avqustun 11-də Tərtər rayonu istiqamətində gedən ağır döyüşlər zamanı yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi igidliyə görə təşəkkür və mükafata layiq görülən qəhrəman şəhid Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Faiq Abbasovun adı artıq təkcə xatirələrdə deyil, təhsil ocağında, şagirdlərin qəlbində və gələcək nəsillərin yaddaşında yaşayacaq. Onun ömür yolu gənclərə Vətəni sevməyi, qorumağı və lazım gəldikdə canından keçməyi öyrədən canlı dərsdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

