Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına “Linqvist” Humanitar Liseyinin bir qrup şagird və müəllimi Azərbaycana gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət Neft Şirkətinin — SOCAR-ın dəvəti ilə təşkil olunub.
Səfər çərçivəsində ukraynalı məktəblilər Bakı, Qəbələ, Şəki və Zaqatalaya gedərək Azərbaycanın zəngin mədəni irsi, ənənələri və müasir inkişafı ilə tanış olacaqlar.
“Bu cür təşəbbüslər Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, ukraynalı uşaqlar üçün inkişaf, istirahət və mədəniyyətlərarası dialoq baxımından yeni imkanlar yaradır”, — deyə o qeyd edib.
Diplomat həmçinin SOCAR-a və azərbaycanlı tərəfdaşlara Ukraynaya göstərilən dəstəyə və ukraynalı uşaqlara qayğıya görə təşəkkür edib.

