Azərbaycanda 2020-ci il Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.
Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, iki gün ardıcıl baş verən iki mina partlayışı nəticəsində üç mülki şəxs yaralanıb.
XİN vurğulayıb ki, baş verən faciəli hadisələr münaqişədən qalan mina təhlükəsinin hələ də davam etdiyini göstərir.
Nazirliyin məlumatına görə, minalar insanların həyatını təhlükə altında saxlamaqla yanaşı, azad edilmiş ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını da çətinləşdirir.

