Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurmaların təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirib.
Monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmanın nəticələrinə əsasən, fiziki şəxs Tahir Qasımova məxsus istehsal müəssisəsində hazırlanan məhsulda müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkarlanıb.
Belə ki, “Fantaziya” əmtəə nişanlı “Matroskin” dondurmasında E. coli və Enterobacteriaceae göstəriciləri üzrə mikrobioloji uyğunsuzluq müəyyən edilib.
Bundan başqa, laborator müayinə zamanı məhsulda bitki sterolunun olduğu aşkarlanıb, halbuki etiketdə məhsulun tərkibində kərə yağının olduğu göstərilib.
Aşkar edilmiş pozuntularla əlaqədar qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Müəssisədə dondurma istehsalı dayandırılıb, tələblərə cavab verməyən məhsul partiyasının satışına qadağa qoyulub və məhsulların dövriyyədən çıxarılması və geri çağırılması təmin edilib.
AQTA əməkdaşlarının iştirakı ilə ümumilikdə 158,4 kiloqram uyğunsuz məhsul məhv edilib. Bunun 38,4 kiloqramı ticarət şəbəkələrindən geri çağırılan, 120 kiloqramı isə müəssisənin anbarında olan məhsullar olub.

