Alimlər xəbərdarlıq edirlər ki, XXI əsrin sonuna qədər quraq ərazilər Yer kürəsinin quru səthinin 40 faizindən çoxunu əhatə edə bilər. Antarktida bu hesablamaya daxil edilməyib.
“Environmental Research Letters” jurnalında dərc olunan araşdırmada alimlər 1960–2023-cü illəri əhatə edən meteoroloji məlumatlardan və iqlim modellərindən istifadə ediblər.
Hesablamalara görə, hazırda quraq ərazilər quru səthinin təxminən 38,6 faizini təşkil edir. İstixana qazı emissiyalarının səviyyəsindən asılı olaraq 2071–2100-cü illərdə bu göstəricinin 39,3–40,3 faizə yüksələ biləcəyi proqnozlaşdırılır.
Ən əlverişsiz ssenaridə quraq ərazilərin sahəsi təxminən 2,37 milyon kvadrat kilometr arta bilər. Bu isə demək olar ki, Əlcəzairin ərazisinə bərabərdir. Ən nəzərəçarpacaq dəyişikliklərin Avstraliya, Braziliya və Afrikanın bəzi bölgələrində baş verəcəyi gözlənilir.
Alimlərin fikrincə, quraqlığın genişlənməsi su qıtlığını dərinləşdirə, ekosistemlərin deqradasiyasını sürətləndirə və səhralaşmanı gücləndirə bilər.
Atmosferdə karbon qazının artması bitkilərin yarpaqları vasitəsilə daha az su itirməsinə səbəb olaraq prosesi müəyyən qədər ləngidə bilər. Lakin tədqiqatçılar bunun quraq ərazilərin qlobal miqyasda genişlənməsinin qarşısını almaq üçün kifayət etməyəcəyini bildirirlər.

