Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərin müxtəlif ərazilərində küçə və yolların kənarları, yaşayış massivləri və ümumi istifadədə olan sahələr alaq otlarından, məişət tullantılarından və digər çirklənmələrdən təmizlənir.
Növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri şəhərin 76-cı məhəlləsində həyata keçirilib.
Bu işlərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşları birgə iştirak ediblər. Əraziyə xüsusi texnikalar cəlb olunub, eyni zamanda əl əməyindən istifadə edilməklə küçələr, yaşayış evlərinin ətrafı və ümumi ərazilər təmizlənib.
Məhəllədə uzun müddət qalaqlanan məişət tullantıları ərazidən daşınıb, yol kənarları və digər sahələr alaq otlarından təmizlənib. Görülən işlər nəticəsində yaşayış məhəlləsinin ümumi görünüşü nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Ərazidə yaşayan sakinlər görülən işlərdən razı qaldıqlarını bildiriblər. Bu işlərə görə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür ediblər. Onların sözlərinə görə, belə tədbirlərin mütəmadi şəkildə həyata keçirilməsi vacibdir.
Lakin təmiz şəhər yalnız aidiyyəti qurumların gördüyü işlərlə mümkün deyil. Burada sakinlərin də məsuliyyəti mühüm əhəmiyyət daşıyır.
Çünki təmizlik və abadlıq üçün ayrılan vəsaitin formalaşmasında hər bir vətəndaşın ödədiyi məişət tullantılarının yığılması və daşınması ilə bağlı ödənişlərin də rolu var. Bu ödəniş birbaşa vətəndaşın yaşadığı ərazinin təmiz saxlanılmasına yönələn mexanizmlərdən biridir.
Başqa sözlə, təmiz məhəllə, həmin məhəllədə yaşayan hər bir sakinin məsuliyyətidir.
Aidiyyəti qurumlar ərazini təmizləyir, tullantıları vaxtında daşıyır, abadlıq işləri aparır. Sakinlərin üzərinə düşən isə görülən işlərə hörmətlə yanaşmaq, tullantıları müəyyən edilmiş yerlərə atmaq və təmizlik qaydalarına əməl etməkdir.
Sumqayıtda aparılan işlər bir daha göstərir ki, qurumların işi və sakinlərin məsuliyyəti bir araya gəldikdə şəhərin hər bir məhəlləsində daha səliqəli və sağlam yaşayış mühiti yaratmaq mümkündür.
Nizami Rəsulov
Denmedia.az

