Sumqayıt şəhərində abadlıq və təmizlik işləri çərçivəsində növbəti iməcilik aksiyası təşkil olunub.
Denmedia.az xəbər verir ki, aksiya şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Bələdiyyəsinin birgə təşəbbüsü ilə Qurd dərəsi yaşayış massivinin Salatın Əsgərova küçəsində keçirilib.
Tədbirdə şəhər təsərrüfatı strukturlarının əməkdaşları, bələdiyyə nümayəndələri, eləcə də yerli sakinlər fəal iştirak ediblər. Ərazidə uzun müddət yığılıb qalmış məişət tullantıları, qurumuş otlar, alaq və kolluqlar təmizlənib, həmçinin küçə boyunca abadlıq işləri aparılıb. Nəticədə, ərazinin ümumi görünüşü xeyli yaxşılaşıb, sakinlərin rahat və səliqəli mühitdə yaşaması üçün daha əlverişli şərait yaradılıb.
Məlumata görə, şəhərin bütün məhəllə və küçələrində analoji iməcilik aksiyalarının davam etdirilməsi nəzərdə tutulur. Məqsəd yalnız küçələrin təmizlənməsi deyil, həm də ictimaiyyətin ekoloji məsuliyyətini artırmaq və yaşıllıqların qorunmasına töhfə verməkdir.
Sakinlər də görülən işlərdən məmnunluq ifadə edərək bildiriblər ki, belə təşəbbüslər həm şəhərin simasının gözəlləşməsinə, həm də ictimai həmrəyliyin güclənməsinə xidmət edir.
Qeyd edək ki, son dövrlər Sumqayıt şəhərində müxtəlif küçə və məhəllələrdə iməcilik və abadlıq tədbirlərinə xüsusi diqqət yetirilir. Şəhər rəhbərliyi təmiz, müasir və abad Sumqayıt üçün bu cür aksiyaların davamlı olacağını vurğulayır.
Ellada Rəsul
Denmedia.az